O olmasaydı, Krımı yəhudilərə bağışlayacaqdılar

Molotov partiya işinə sadiq yoldaşlardan biridir. Lakin bu xüsusiyyət onun bağışlanmaz səhvlərinə haqq qazandıra bilməz. Yoldaş Molotov xarici işlər naziri olaraq, ingilis səfiri ilə görüşdə bizim ölkəmizdə burjua qəzet və jurnallarının çap olunmasına razılıq vermişdir. Sual oluna bilər, niyə? Məgər Molotov başa düşmür ki, burjuaziya bizim sinfi düşmənimizdir. Bu qəzetlərin çapına razılıq verməklə o başa düşmür ki, sovet cəmiyyətinin dünyagörüşünü dəyişdirərək, kommunist ideologiyasının zəif¬ləməsinə, onun əvəzinə isə burjua ideologiyasının güclənməsinə köməklik edir. Bu, Molotovun birinci siyasi səhvi idi. Yaxud, yoldaş Molotovun Krımın yəhudilərə verilməsi barədə təklifi bizə nəyin hesabına başa gələ bilərdi? Bu təklif Molotovun bağışlanılmaz, kobud səhvlərindəndir. Hansı əsasla Molotov belə bir təklif irəli sürür? Bizdə yəhudilərin muxtar respublikası mövcuddur. Məgər bu azdırmı? Yoldaş Molotov yəhudilərin Sovet Krımında muxtar respublika yaratmaq niyyətlərinə vəkillik etməməlidir. Bu, yoldaş Molotovun ikinci böyük səhvidir. 

Yoldaş Molotov həyat yoldaşına o qədər hörmətlə yanaşır ki, biz Siyasi büroda hər hansı bir qərar qəbul etdikdə, ilk olaraq bu qərar haqqında məlumatı yoldaş Jemçujina alır. Belə çıxır ki, Siyasi büronu Molotovun həyat yoldaşı Jemçujina və onun dostları ilə çox gizli tellər bağlayır. Bu dostlara isə inanmaq olmaz. Ay¬dındır ki, Siyasi büro üçün bu hərəkətlər yolverilməzdir (Nəzərə alaq ki, bu plenumda Stalinin təklifinə əsasən, Siyasi büro əvəzinə Sov. İ. KP MK-nın Rəyasət Heyyəti təşkil olunur – A. M. ). 

Yoldaşlar, indi də Mikoyan haqqında bir neçə kəlmə söyləmək istərdim. 

Fikir verin, yoldaş Mikoyan kəndlilərin istehsal etdiyi kənd təsərrüfatı məhsullarına görə dövlətə verəcəyi rüsumları artırma¬mağı təklif edir. Axı, bu Anastas Mikoyan kimdir? Burda aydın olmayan nə var?Ona görə də Mikoyanın mövqeyi ilə biz razılaşa bilmərik». 

Mikoyan cəld, tələm-tələsik tribunaya çıxaraq Stalinin toxunduğu məsələyə aydınlıq gətirir. Stalin Mikoyanın sözünü kəsərək: «Fikir verin, yeni Frumkin peyda olub (represiya olunmuş Buxarinin iqtisadi məktəbinin nümayəndəsi – A. M. ), belə prinsipial məsələdə Mikoyan özü də azıb, bizi də azdırmaq istəyir». 

Sözsüz ki, Stalinin bu formada Molotov və Mikoyana etiraz etməsi, artıq bu şəxslərin siyasi karyeralarının sonundan xəbər verirdi. Stalin dövründə isə siyasi karyeranın sonu fiziki cəhətdən məhv olmaq demək idi. Belə ki, artıq 1953-cü ilin yanvarından təhlükəsizlik orqanları Molotov və Mikoyana qarşı ardıcıl fəaliyyətə başladılar. 

O vaxtlar SSRİ dövlət təhlükəsizlik naziri Semyon Denisoviç İqnatyev idi, ancaq faktiki rəhbər isə Siyasi Bürodakı bölgüdə bu orqana kuratorluq edən Beriya idi. İqnatyevdən əvvəl bu vəzifədə çalışmış Abakumovun həbsindən sonra güc strukturlarının rəhbərləri Beriyadan daha çox qorx¬mağa başladılar. İqnatyev partnomenklatura işçisi olduğundan xüsusi xidmət orqanlarında qeyri-peşəkar idi. Ona görə də o, ciddi əməliyyat planlarını yalnız Beriya ilə razılaşdırdıqdan sonra həyata keçirirdi. 

1953-cü ilin yanvarın sonunda Molotovun həbs olunmuş arvadı P. S. Jemçujina Moskvaya gətirilir və «Həkimlərin işi» ilə onun əlaqəsini araşdırmaq üçün istintaq başlayır. Məqsəd isə ondan ərinin sionist qrupları ilə əlaqədə olması barədə ifadə almaq idi. Bununla da Moltovun həbsi üçün zəmin hazırlanırdı (səs-küylü «həkimlər işi»nə gəldikdə isə bu barədə əvvəlki səhifələrdə geniş bəhs etmişəm-A. M. ). Ancaq biz bu həkimlərin milli mənsubiyyətinə nəzər yetirsək, əksəriyyətinin yəhudilərdən ibarət olduğunu görə bilərik. 1953-cü ilin fevralında Molotovun müavini və SSRİ-nin Britaniyadakı keçmiş səfiri İ. M. Mayskini həbs edirlər. Həmçinin SSRİ-nin Londondakı diplomatik korpusunun 3 əməkdaşı da həbs olunur. Bütün bu həbslər Molotovla Mikoyana qarşı yönəldilə biləcək ittihamların əsasını formalaşdıra biləcəkdi. 

Stalin Mikoyanı da Molotovla bərabər həbs etdirmək istəyirdi. Belə ki, 1918-ci ildə Mikoyan 26 Bakı komissarı ilə birlikdə həbs olunmuşdu. Lakin nədənsə o, ingilislərin güllələdiyi komissarlar içərisində yeganə sağ qalan şəxs olmuşdu. Bəzi şayiələrə görə, Mikoyanı daşnaklar Aşqabaddakı Eser hökuməti ilə danışıqlar apararaq xilas etmişdilər, lakin Stalinin ehtimallarına görə isə Anastas İvanoviç nəinki daşnak olmuşdur, o, ingilislər tərəfindən ələ alın¬mış, bununla da güllələnməkdən yaxa qurtara bilmişdi. 

Artıq hazırlanan istintaq materiallarına görə, ingilislərin xeyrinə casusluqda ittiham edilən Mikoyan, Molotovu ələ alaraq Londona işləməyə sövq etmişdi(Çox güman ki, Bağırovda Bakıdakı plenumda Roxlinin və altı ay əvvəl həbs olunmuş ingilis agentinin adını çəkməklə onun Mikoyanın ingilislər tərəfindən ələ alınmağından xəbəri olduğunu erməni başbiləninə sətiraltı bildirmək istəyirdi-A. M). 

Lakin Stalinin ölümü bu istintaqı yarımçıq qoydu. Ancaq Beriya-Bağırov birliyi Kremldə siyasi hakimiyyəti ələ ala bilsəydi, çox güman ki, Mikoyan və Molotov üzərində böyük məhkəmə prosesi qurulacaqdı. Bağırovun Beriya ilə bərabər həbs olunmamağının yuxarıda qeyd etdiyimiz səbəblərindən başqa digər mühüm bir səbəbi də vardı. Bu da Mikoyanın həqiqətən də onun keçmişi ilə əlaqədar məxfi sənədərin Bağırovun əlində ola biləcəyindən çox ehtiyat etməsi idi. Ona görə də bir il Bağırovun azadlıqda olması və yeni bir vəzifəyə təyin edilməsi Mikoyana vaxt udmaq üçün lazım idi. Mikoyan öz xəfiyyələri vasitəsilə tam əmin oldu ki, Bağırovda onun ingilislərə işlədiyini təsdiq edən bir sənəd yoxdur. O, artıq Bağırovun həbsini Xruşşov vasitəsilə təşkil etdirdi. Bağırov istintaqda, həbs olunmuş ingilis agentinin ifadələrinə əsaslanaraq Mikoyanın ingilislərə işlədiyini qeyd edirdi. Lakin Bağırovun əlində Bakıda həbs olunmuş ingilis agentinin ifadələrindən başqa heç bir sənəd yox idi. Həmçinin də artıq 1955-ci ildən siyasi hakimiyyətdə möhkəmlənməyə başlayan Xruşşov Malenkov və Kaqanoviçin siyasi səhnədən kənarlaş¬dırılmasında Sov. İKP MK-nın Rəyasət Heyətində Mikoyanın köməyinə ehtiyac vardı. Ona görə də Bağırovun istintaq zamanı Mikoyan barədə verdiyi ifadələrə Xruşşov siyasi rəng verməkdə maraqlı deyildi. Bakıdakı plenuma qayıdarkən, onu qeyd etmək istəyirəm ki, hadisələrin bu cür cərəyan etməsi Kreml emissarını heç cür razı sala bilmədiyinə görə də Bağırov nüfuzunu sın¬dır¬maq üçün Teymur Quliyev irəli verilir. Teymur Quliyevin çıxışı: 

— “Yoldaşlar, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda yoldaş Malenkovun Beriyanın dövlət və partiya əleyhinə apardığı fəaliyyət barədə məruzəsini dinlədik. 

Plenumda Beriyanı MK-nın tərkibindən azad edilməsi, kom¬munist partiyası sıralarından xaric edilməsi, sovet və kommunist partiyasının düşməni kimi məhkəməyə verilməsi qərara alındı. 

Bizim partiya və bütün sovet xalqı Beriya ilə əlaqədar olan bu qərarı yekdilliklə və vaxtında atılmış bir addım kimi qəbul etdi. Son 4 ay ərzində MK-nın Rəyasət Heyəti ardıcıl və səlis fəaliyyəti nəticəsində, bu avantüristin əsl simasını üzə çıxardı. Əvvəllər o, antipartiya və antidövlət fəaliyyətini məxfi və gizli apararaq əsl simasını maskalaya bilirdi. Sonralar isə həyasızlaşaraq əsl simasını büruzə verdi. 

İndi başa düşürük ki, Beriya kənd təsərrüfatı sahəsində təxi¬rə¬salınmaz qərarların həyata keçirilməsini əngəlləyərək, ölkəmizdə ərzaq təchizatını çətin vəziyyətə salmağa çalışırmış.Beriyanın ən dəhşətli cinayətlərindən biri isə çoxmillətli sosialist dövlətimizin əsası olan SSRİ xalqları arasındakı dostluğu pozmağa çalışmasıdır. 

Onun əsas məqsədi Sovet İttifaqı xalqlarının birliyinin möhkəmliyinə zərbə vurmaq və bu istiqa¬mətdə antoqonizm toxumlarını səpmək idi. Bu məqsədinə çatmaq üçün Beriyanın işi ittifaq respublikalarında milliyyətçilik elementlərini fəallaşdıraraq onların fəaliyyətini Sovet dövlətinin əleyhinə çevirməkdən ibarət olub. 

Həyasızlaşmış və həddini aşmış, özünü idarə edə bilməyən Beriya insanlara qarşı heç bir normaya sığmayan münasibət göstərirdi. 

Bu çirkin əməllərini həyata keçirmək üçün o, özü ətrafına ona yaxın adamları toplayırdı. Daxili İşlər Nazirliyini ələ keçirən kimi Dekanozovu, Kabulovu Tiflisə, Milşteyni isə Uk-raynaya göndə¬rərək öz planlarını həyata keçirməyə çalışırdı. Hansı ki, onların bir çoxu daxili işlər orqanlarından dəfələrlə qovulmuş və ifşa edilmişdi, onlardan bir neçəsini mən şəxsən tanıyıram. Birmənalı şəkildə kütbeyin, səviyyəsiz Dekanozov Tiflisdə çekist kimi işləyərkən quldurlara müqavimətsiz təslim olduğuna görə, hafizəm məni aldatmırsa, Zaqafqaziya fövqəladə komissiyasının əmrinə əsasən işdən azad olmuşdu. Ancaq belələri Beriyaya lazım olduqları üçün onların yenidən irəli çəkilməsinə başlanıldı”. 

Teymur Quliyev çıxışı zamanı uzun-uzadı Beriyanı tənqid etdikdən sonra Bağırova qarşı hücuma keçməyə başladı: «Yoldaşlar, burada Bağırov çıxış edərək çox ciddi məsələlərə yüksək səslə cavab verməlidir. Bu məsələlərə yoldaş Mir Teymur Yaqubov da toxundu. Belə ki, yoldaş Malenkovun replikasına yoldaş Bağırov ağıllı və aydın bir cavab vermədi». 

Bağırov Teymur Quliyevi “sakitləşdirmək” üçün yerindən səslənir: 

-«Düz deyirsiniz». 

Bağırovun üzünə dirənən azərbaycanlı :” Biz həmişə sizin avtoritetinizin basqısı altında olmuşuq». 

Lakin Teymur Quliyev elə təlimatlandırılmışdı ki, çıxışını daha da sərtləşdirdi: 

-Nəinki cavab vermədi, öz cavabında yoldaş Malenkovu cavab üçün Beriyanın yanına göndərdi. Mən M. C. Bağırovu on illərdir ki, tanıyıram, ancaq bu insan plenumda özünü dəhşətli bir şəxs kimi təqdim etdi. Şəxsən mən çox heyifsiləndim ki, MK-nın plenumunda bizim partiya təşkilatımız bu şəkildə təqdim olunur. 

Bu vaxt iclasa sədrlik edən Yaqubov Kremlin təmsilçisi, Sov. İKP MK-nın katibi Pospelovun gözü önündə mövqesizlik göstərməmək üçün tələm-tələsik Teymur Quliyevin sözünü yerindən təsdiq edir: 

-Düz deyirsiniz, yoldaş Quliyev. 

Bu səhnəni görən Bağırov keçmiş silahdaşlarına xəbərdarlıq etmək üçün yenidən üstüörtülü və istehza ilə «düzdür» sözünü uca səslə yerindən səsləndirir. 

Ancaq Quliyev özünün də istəmədiyi oyunu davam etdirməyə məcbur idi. O öz çıxışına davam edərək qeyd edirdi: 

— Yoldaş Bağırov! Mən bu məsələlər barədə laqeyd danışa bilmərəm. 

Yenidən Bağırov yerindən eyhamlarla dolu fikrini səsləndirir: 

-Mən nəsə deyirəm ki? 

Əlbəttə, uzun illər təhlükəsizlik orqanlarında işləmiş Teymur Quliyevə Bağırovun bu ehyamlı sözlərini anlamaq o qədər də çətin deyildi. 

Ona görə də Teymur Quliyev bu ehyamdan sonra çıxışını yumşaldaraq davam edirdi: 

-Bu insan (M. C. Bağırovu nəzərdə tutur – A. M. ) on illərdir bizim gözümüzün qabağındadır. O, kiminləsə nə danışardısa, nə deyərdisə hər şeyi ətraflı bizə danışardı. Biz ondan nümunə götürürdük, ondan öyrənirdik. 

Bu an Teymur Quliyev Xruşşovun emissarı Pospelovun narazı üzünü görərək, yenidən çıxışını sərtləşdirərək deyir: 

« Bağırovun burada bir sifəti, plenumda isə digər bir sifəti vardı. Mənim şahid olduğum səhnəni Bağırov Moskva plenumunda inkar etdi. Belə ki, o, bizim yanımızda Beriyaya zəng etdi, ancaq plenumda ona bu barədə sual verildikdə belə bir zəngin olmadığını dedi. Mən soruşuram, yoldaş Bağırov, niyə Moskva plenumunda siz başqa bir adam idiniz? Mən bunu ürək ağrısı ilə sizdən soruşuram. Ona görə qeyd edirəm ki, Mərkəzi Komitə ölkəmizin məsu¬liyyətli anında düzgün olaraq, M. C. Bağırova etimad göstərmir. 

Yaxşı başa düşürəm, 2-3 gün gərgin bir atmosferdə insan özünü itirə bilər. Ancaq sonradan özündə qüvvət taparaq, partiyaya kömək etmək olardı. Ancaq siz Beriyanın keçmişi barədə heç bir şey yadınıza sala bilmirsiniz. 

Bax, bu dəhşətlidir! Mən bu gün özümdə cəsarət tapıb deyirəm, biz həmişə sizin avtoritetinizin basqısı altında olmuşuq». 

Bu zaman Bağırov ibarəylə Teymur Quliyevə: «Düz deyirsiniz» — deyir. 

Zalda canlanma baş verir. Sanki, hamı yenidən M. C. Bağırovun rəhbərlik illərində olduğu plenum və iclasların abı-havasına qayıdır. 

Bir anlıq zalda qeyri-müəyyənlik hökm sürür. İllərlə bundan da çətin vəziyyətlərə düşmüş və bu çətin vəziyyətlərdən çıxmış M. C. Bağırovun «vurulacağına» heç kim hələdə inana bilmirdi. Böyük əksəriyyət M. C. Bağırovun bu vəziyyətdən də çıxacağına inanırdı. Zalda səs-küy artır. Pospelovun işarəsi ilə iclası idarə edən M. T. Yaqubov Teymur Quliyevdən çıxışına davam etməsini xahiş edir. Rəngi ağarmış və özünü itirən, qorxudan ağzı quruyan Teymur Quliyev səhv etdiyini başa düşür, bir stəkan su içdikdən sonra tərini silərək çıxışına davam etməyə çalışır: 

“Yoldaşlar, mən bilmirəm düz deyirəm və ya səhv edirəm, ancaq mənə elə gəlir ki, biz həmişə təzyiq altındaydıq”. 

Bu zaman Bağırov yerindən söylədiyi replikası ilə biçarə Teymur Quliyevi əməlli silkələyir: 

M. C. Bağırov: –«Niyə onda bu barədə yuxarılara yazmırdın?» 

Özünü itirmiş Teymur Quliyev bu dəfə də Kreml tərəfindən bağışlanılmaz səhvə yol verərək deyir: 

-«O vaxt demirdim, indi deyirəm də. . ». 

Bundan sonra o, öz «çıxışının» sonrakı hissəsində M. C. Bağırovun adını çəkməyə ehtiyat edərək, ümumiyyətlə, artıq ona toxunmur. 

Lakin sonralar bu stenoqramlar Moskvada Xruşşov, Malenkov, Mikoyan, Molotov tərəfindən oxunduqdan sonra M. C. Bağırova qarşı zəif çıxış etdiklərinə görə M. T. Yaqubov, T. Quliyev və Nəzər Heydərovun vəzifədən uzaqlaşdırılmalarına qərar verilir. Bu qərarın verilməyində, sözsüz ki, İmam Mustafayevin də «xidmətləri» misilsizdir. Altıncı plenumdan sonra 20 iyulda AKP MK-nın və BK KP-nin növbəti VII plenumu çağırılır. Bağırov siyasi hakimiyyətdən uzaqlaşdırılmış və respublikanın yeni rəhbərliyi Xruşşovun gözündə etimad qazanmaq üçün tələsik bir daha respublikanın keçmiş rəhbərinin ünvanına ittihamlarla dolu plenuma başlayır. Artıq bu plenumda Topuridze-Sumbatovun partiya sıralarından çıxarılması məsələsi də müzakirəyə qoyulur və həmçinin bu plenum M. C. Bağırova qarşı daha kəskin çıxış edənlərin vəzifə bölgüsünə çevrilir. 

Plenumda Bağırov öz vəzifəsindən azad olunur və üç gün sonra onun şəxsi işi Sovet İttifaqı KP MK-nın sərəncamına göndərilir. Moskvada olarkən Bağırov özü haqqında fikri yayındırmaq üçün G. Malenkova və N. S. Xruşşova məktub yazır. 

Mircəfər Bağırovun məktubunda nələr vardı? 

РГАСПИ. F. 17. Siy. 171. İş. 464. Səh. 125-129 

G. M. Malenkova və N. S. Xruşşova M. Bağırovun məktubu 

17 iyul 1953-cü il. 

Yoldaş Q. M. Malenkova 

Yoldaş N. S. Xruşşova 

Aşağıdakı xahişlə MK Rəyasət Heyətinə müraciət etməyi özümə borc bilirəm: 

2 iyulda yoldaş Xruşşovun yanında Beriyanın həbsini biləndə, mən onun “Beriya zəng edib?” sualına “yox” cavabı verdim, ancaq 1 iyulda Beriya başqaları kimi mənə də zəng etmişdi. 

Bu məsələdə dolaşandan sonra, MK Plenumunda və ondan sonra yersiz hərəkətlər etdim, çoxlu ciddi səhvlər buraxdım, bu da hamıda təəccüb, şübhə, güman doğurdu. MK Rəyasət Heyətinin dünən mənə verdiyi siyasi etimadsızlıq — bu şiddətli qiymət mənim hərəkətimlə izah olunur. 

Bu, partiya üzvü üçün ən yüksək cəza ölçüsüdür. Görünür, mən ona layiqəm, çaşqınlıq göstərdim və döyüş meydanından fərari kimi çıxdım. 

Ölkənin və partiya həyatının ən ağır məqamlarında, partiyanın çoxsaylı düşmənlərinə qarşı ən çətin mübarizələrdə həmişə ön sıralarda olmuşam. Bu hadisədə — ən iyrənc, çirkin və alçaq düşmən Beriyanın ifşasında kənarda qalmışam. Ona görə yoldaşların başa düşməməsi təbiidir, onlar fikirləşirdilər ki: “İş nədədir? Bağırova kim təzyiq edir? Beriya ilə dostluq, yaxud qarşılıqlı qorxu, qarşılıqlı borc?” Yox, yoldaşlar! Nə o, nə də bu. Mən Bağırova Beriya və digər düşmənlər tərəfindən heç kim təzyiq edə bilməz. Mənim əclaf Beriyadan başqa daha yaxın dostlarım və tanışlarım olub, onları mən gözümü qırpmadan şəxsən özüm ifşa və məhv edirdim. Ən qorxulu və təhlükəli düşmən Beriyanın ifşasında mən tərəddüd edə bilmərəm. 

İş bunda deyil, məsələ ondadır ki, bir dəfə yalan danışdım, partiya yanında günahımı daha da ağırlaşdırdım, sonralar isə lap çox. Bu mənim partiya həyatımda və işimdə birinci hadisədir. 

Yoldaşlar! Mənimlə nə olursa-olsun, mənə nə qədər sərt cəza versəniz, mən böyük Lenin-Stalin partiyasının sədaqətli əsgəri olaraq qalıram, qanımın hər damlası ona məxsusdur. 

Bu dəfə mən möhkəm büdrədim, ancaq yıxılmadım və düzələ bilərəm, öz günahımı və partiyanın ən çətin tapşırığını yerinə yetirə bilərəm. 

MK RH-dən xahiş edirəm ki, mənə kömək etsin və imkan versin dediklərimi yerinə yetirim. 

M. Bağırov 

17 iyul 1953-cü il 

İşarə 

Beriyanın işinə. Əlavə edilib. 

D. Suxanov. 17. VII. 53-cü il 

Adıgözəl Məmmədov 

http://www.publika.az/news/yazarlar/o_olmasayd_kr_m_y_hudil_r_+ba_layacaqd_lar/